Şahmat üzrə Azərbaycan kuboku turniri start götürüb
Fevralın 4-də yeniyetmələr, gənclər və böyüklər arasında şahmat üzrə Azərbaycan kuboku turniri start götürüb.

Turnirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, şahmat üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə və başqaları çıxış edərək şahmatın ölkəmizdə populyar idman növlərindən olduğunu bildiriblər. Qeyd edilib ki, ilk dəfə keçirilən Azərbaycan kuboku turnirində dünya və Avropa birinciliklərinin, nüfuzlu yarışların qalib və mükafatçıları mübarizə aparırlar.

Açılış çıxışlarından sonra turnirə start verilib. Respublika Şahmat Mərkəzində keçirilən yarışda 64 şahmatçı mübarizəyə qoşulub. Şahmatçılar rapid və blits yarışlarında qüvvələrini sınayırlar.


Xəbər 787 dəfə oxundu.