Yaponiya koronavirusa görə “Tokio 2020” Olimpiadasının ləğv edilməsini düşünmür
Yaponiya hökuməti Çində koronavirusun yayılması ilə əlaqədar “Tokio 2020” Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya hökuməti bununla da Twitter-də "Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ləğv edildi" haştağı ilə paylaşılan və geniş yayılan şayiələrə son qoyub.

Bu həftə hökumət hətta olimpiada zamanı yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinin müzakirəsi ilə bağlı iclas keçirəcək. Bu barədə Olimpiya və Paralimpiya Oyunlarına məsul nazir Seyko Hasimoto parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında bildirib.

O, Təşkilat Komitəsinin yarışların ləğvi məsələsinə baxmadığını vurğulayıb: "Oyunların uğurlu keçirilməsi üçün hər cür səy göstərmək niyyətindəyik. Yoluxucu xəstəliklərin qarşısının alınmasının son dərəcə vacib olduğuna əsaslanaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə işləyirik."Tokio 2020" üçün hazırlıqlar planlaşdırıldığı kimi davam edir".

Qeyd edək ki, Yaponiya həmçinin vətəndaşları Çinə getməməyə çağırıb.

Xəbər 840 dəfə oxundu.