Avro-2012: 16 komandalıq sonuncu qitə
İyunun 8-də Polşa – Yunanıstan dueli ilə 14-cü Avropa çempionatı başlayır. «idman.com.az»ın məlumatına əsasən, Ukrayna və Polşa meydanlarında qitənin ən güclüsü adı uğrunda mübarizə 24 gün davam edəcək və iyulun 1-də final oyunu ilə yekunlaşacaq.

Budəfəki turnirin öz maraqlı məqamları var və lap əvvəldən yarış diqqət çəkəcək. Çünki 3 qrupda amansız klassik rəqabət olacaq. Reytinqi o qədər də yüksək olmayan ev sahiblərinə görə ikinci və 3-cü səbətdə güclülərin yer alması, üstəlik FİFA reytinqinin əsas götürülməsi turnirin bu qayəsini müəyyənləşdirib. 1-ci qrupda favoritlərdən heç biri yer almayıb. Bu isə dördlüyü «həyat qrupu» adlandırmağa əsas verir. Amma rəqiblərin gücü və imkanı bərabər olduğundan burada da özünəməxsus rəqabət görəcəyik. Yeri gəlmişkən onu da qeyd edək ki, 2012-ci il qitə yarışı 16 komandanın mübarizə aparacağı son yarış olacaq. 2016-cı ildən final mübarizəsi 24 seçmə kollektiv arasında gedəcək.

Son hesablamalarda favoritlər yenə ispanlar və almanlardır. Amma məhz bərabərlərin çox olduğu turnirdə sürprizlər də mümkündür. Başı daşa dəymiş Niderland, başçısını dəyişmiş ingilislər, dirçəlmək istəyn fransızlar, həmişəki kimi, qeyri-müəyyən italyanlar, nakam portuqalları da hesabdan silmək olmaz.

Elə buna görə də, favoritləri məlum olsa da, ikinci qrupda rəqabətin sonu daha sürprizli ola bilər. Danimarka ilə oyunlar çox şey məlum edəcək. Əlbəttə, portuqallar ənənəvi hissiyyat təsirindən çıxa bilsələr, rəqabət fantastik həddə çatacaq.
Üçüncü qrup üçün bir detonator və bir gizli rəqib var. İrlandların inadı çox qarışıqlıq yarada bilər. Əsas sözü demək üçün xorvatların hər bir potensialı var. Müqayisə aparsaq, bu dəfə də məhz İtaliya seçməsi əsas zərbə hədəfidir.
Sonuncu qrupda ev sahibi anlayışının imkanları əsl sınağa çəiləcək. İngilislərin alayında baş verən hadisələri də nəzərə alsaq, fransızların da o qədər müşkül rəqib olmadığını qəbul etsək, bu qrupda ənənəvi favoritlik heçə enər və istənilən nəticəni gözlənilməz saymaq olmaz.

Bir sözlə, qrupda məsələlər yerində, yəni meydanda və hər oyunda həll olunacaq.


Xəbər 989 dəfə oxundu.