“Zirə” komandası “Sabah”ın qapısından iki cavabsız top keçirib
Fevralın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turuna “Zirə”-“Sabah” oyunu ilə start verilib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda meydan sahibləri “Sabah”ın qapısından iki cavabsız top keçiriblər. “Zirə”nin heyətində Ağabala Ramazanov (45+1) və Riçard Qadze (78) fərqləniblər.

Günün ikinci görüşü “Bakcell Arena”da keçiriləcək. “Neftçi” klubu “Sumqayıt” komandasını qəbul edəcək.

Fevralın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Keşlə” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.
Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (18), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.


Xəbər 883 dəfə oxundu.