Respublika Olimpiya Mərkəzində atletika üzrə Aleksandr Antipov memorialının açılış mərasimi keçirilib
Yanvarın 31-də Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XII beynəlxalq memorialın açılış mərasimi keçirilib.

Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə Aleksandr Antipovun ölkəmizdə atletikanın inkişafındakı xidmətlərindən danışıb. Memorialın A.Antipovun xatirəsinə həsr edilmiş sayca 12-ci turnir olduğunu vurğulayan M.Sultanzadə Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında tanınmış idman mütəxəssisinin rolunu xüsusi vurğulayıb. O, yarışın atletikanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Rusiya Federasiyasının Saxa (Yakutika) Respublikasının nümayəndəsi, yakut tullanmaları idman növü üzrə mütəxəssis Maksim Oequsturov qeyd edib ki, belə mötəbər yarışların keçirilməsi xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və idmanın inkişafında mühüm rol oynayır.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimindən sonra turnirə start verilib.

Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan və Rusiya idmançıları iştirak edirlər. Turnirdə 2000-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar.

Xəbər 947 dəfə oxundu.