AFFA mətbuat nümayəndələri üçün seminar təşkil edib
Yanvarın 31-də AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən kütləvi informasiya vasitələri nümayəndələri üçün seminar keçirilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Hakimlər Komitəsinin sədri Fritz Stuçlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb.

F.Stuçlik seminar iştirakçılarına Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklər, VAR sisteminin hansı hallarda tətbiqi ilə bağlı ətraflı məlumat verib. Proqrama uyğun olaraq, 10 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Daha sonra viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.

Sonda Azərbaycan Premyer Liqasının qış fasiləsinədək keçirilmiş oyunlarında qeydə alınmış maraqlı epizodlardan ibarət videoçarxlar nümayiş olunub, müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər 696 dəfə oxundu.