Tokioda təşkil edilən ənənəvi “Ambassadors Night” adlı rəsmi qəbulda Azərbaycan da təmsil olunub
Tokio hökuməti tərəfindən təşkil edilən ənənəvi “Ambassadors Night” adlı rəsmi qəbulda Azərbaycan da təmsil olunub.

Müxtəlif ölkələrin səfirlərinin və beynəlxalq təşkilatların Yaponiyada fəaliyyət göstərən nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi müvəqqəti işlər vəkili Fərid Talıbov təmsil edib.

Yaponiya hökumətinin, “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin üzvlərinin də iştirak etdikləri tədbiri açan Tokio qubernatoru Yorike Koike ölkəsinin “Tokio 2020” Olimpiya və Paralimpiya oyunlarına hazırlığından bəhs edib, yarışlar zamanı Yaponiya paytaxtına gələcək idmançılar və onları müşayiət edən rəsmi nümayəndələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Qubernator Oyunların keçiriləcəyi idman meydançaları, idmançılar üçün nəzərdə tutulan “Atletlər kəndi”, yarışların operativ işıqlandırılması məqsədilə yaradılmış Media mərkəzi və digər hazırlıq tədbirləri barədə də danışıb. Qeyd edib ki, Yaponiya paytaxtında ikinci dəfə təşkil ediləcək Olimpiya Oyunlarının böyük idman bayramına çevrilməsi üçün bütün işlər görülüb.

Sonra yarışların təşkili ilə əlaqədar Tokio hökuməti tərəfindən təyin edilmiş məsul şəxslər iştirakçılara təqdim olunub.

Daha sonra qəbulda iştirak edən bir qrup səfirin iştirak ilə sake çəlləyinin açılması mərasimi keçirilib.

Qəbul zamanı Y.Koike ilə görüşən F.Talıbov Azərbaycan idmançılarının yarışlara hazırlığı barədə qısa məlumat verib, “Tokio 2020” Olimpiya və Paralimpiya oyunlarının uğurla keçməsini arzulayıb.

Qəbulda müxtəlif şirkətlərin Olimpiya Oyunları ilə əlaqədar hazırladıqları məhsullar nümayiş olunub.

Xəbər 902 dəfə oxundu.