Gimnastlarımız Bakıda keçiriləcək dünya kuboku yarışlarına hazırlığı davam etdirirlər
Azərbaycan gimnastlarının fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına hazırlığı davam edir.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin deyib: “Dünya kuboku yarışlarında Azərbaycanı iki gimnast - batut gimnastikasında Selcan Maqsudova və tamblinqdə Fərid Mustafayev təmsil edəcəklər. Bu, onların hər ikisi üçün böyüklər kateqoriyasında ilk yarışı olacaq. Əsas hədəf yarışlarda yeni proqram nümayiş etdirmək və hansı səviyyədə olduğumuzu görməkdir. Turnir Tokioda keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır”.

V.Şulikin Azərbaycan gimnastlarının dünya kubokundakı hədəflərindən danışarkən deyib: “Finala vəsiqə qazanmaq istəyirik. Vurğulamaq lazımdır ki, idmançılar proqramı yaxşı yerinə yetirməlidir, o zaman şansımız olacaq. Dünya kubokuna dünya və Avropa, Olimpiya çempionları gələcək. Rəqiblərimiz dünya səviyyəli liderlər - Belarus, Rusiya, Yaponiya və Çin idmançılarıdır”.

Azərbaycanda batut və tamblinqin sürətlə inkişaf etdiyini deyən baş məşqçi Qaxda bölmənin açıldığını bildirib. Qeyd edib ki, digər rayonlarda da bölmələrin açılması planlaşdırılır. Bu istiqamətdə mühüm işlər görülür. İndi biz məşqçiləri hazırlaşdırırıq ki, gimnastikanın bu növü üzrə çoxlu klublar və bölmələr olsun”.

Xəbər 680 dəfə oxundu.