“Lokomotiv” Yuliana ilə gücləndi
Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” ilk bombasını partladıb. İdman.com.az saytının xəbərinə görə, “dəmiryolçular” Braziliya millisinin aparıcı voleybolçusu Yuliana do Nasimento Kostanı (Ju Kosta) rənglərinə bağlayıblar.

Braziliyanın “Sollis Nestle” klubunun 30 yaşlı hücumçusu ilə 1 illik müqavilə imzalanıb. 184 sm boya malik Kosta bununla ilk dəfə vətənindən kənarda oynayacaq. O, “Sollis Nestle”dən öncə “Botafoqo”, “San-Kaetano”, “Rexona”, “Osasko” (“Sollis Nestle” əvvəlcə belə adlanırdı), “Ol Kampos”, “Brasil Telecom” və “Pinheyros” komandalarında forma geyinib.

Dəfələrlə Braziliya çempionu və ölkə kubokunun sahibi olub. O, həmçinin “sambaçılar”ın heyətində gənclər arasında dünya çempionu adını qazanıb.

Apasport.az saytının məlumatına görə, Kosta ötən mövsüm klublararası dünya çempionatının qrup mərhələsində “Sollis Nestle”nin heyətində “Rabitə”yə qarşı oynayıb və məğlub olub. Lakin yekunda Braziliya təmsilçisi yarışın üçüncüsü adına yiyələnib. Yuliananın isə hətta ötən il “Azərreyl”ə keçidi gündəmdə olub. Lakin son anda bu transfer baş tutmayıb.

Qeyd edək ki, “Lokomotiv” Ju Kostadan öncə yeni baş məşqçi Pyotr Xilko ilə müqavilə imzalayıb.

Xəbər 1186 dəfə oxundu.