Rusiya nəşri Tofiq Bəhramovdan yazıb
Rusiyada çıxan “Sport ekspress” nəşrində Azərbaycan futbolunun əfsanəvi arbitri Tofiq Bəhramovun 95 illiyinə həsr olunmuş material dərc olunub.

Materialda deyilir: “Yanvarın 29-da əfsanəvi sovet arbitri Tofiq Bəhramovun anadan olmasının 95 illiyi tamam olur. Tofiq Bəhramov öz karyerası ərzində keçmiş Sovet İttifaqı çempionatının və beynəlxalq turnirlərin matçlarında, o cümlədən 1970-ci il dünya çempionatının Braziliya ilə Uruqvay arasında keçirilən yarımfinal oyununda, habelə Qitələrarası Kubok uğrunda “İndependyente” ilə “Ayaks” arasında oyunda hakimlik edib.

Məqalədə daha sonra deyilir: “1966-cı il dünya çempionatının İngiltərə ilə AFR (4:2) arasında final oyunu Bəhramovun ən məşhur matçı olub. Arbitr bu oyunda isveçrəli Qottfrid Dinstin assistenti idi. Əlavə vaxtda, 101-ci dəqiqədə top Ceff Herstin zərbəsindən sonra dirəyə dəyərək yerə düşür və meydana dığırlanır. Dinst topun xətti keçdiyini görmədiyinə görə məsləhətləşmək üçün Bəhramovun yanına qaçır. Bəhramov əminliklə mərkəzi göstərir. İngilislərin həlledici topu hesaba alınır, 120-ci dəqiqədə isə Herst görüşün qəti hesabını müəyyən edir və dünya çempionatlarının finallarında birinci və hələlik yeganə het-trek müəllifi olur”.

Nəşr yazır ki, Tofiq Bəhramovun qərarının ədalətliliyi barədə hələ də mübahisə edirlər. 2016-cı ildə “Sky Sports” kanalı həmin məqamı kompüterdə canlandıraraq bu qənaətə gəlir ki, qol hər halda olub.

“Sport ekspress” nəşri sonda yazır: “Tofiq Bəhramov 1993-cü il 68 yaşında vəfat edib. Ölümündən sonra Azərbaycanın əsas stadionu əfsanəvi arbitrin adını daşımağa başlayıb”.

AZƏRTAC

Xəbər 743 dəfə oxundu.