Şahmatçımız Vüqar Əsədli Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib
Azərbaycan şahmatçısı Vüqar Əsədli Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq turnirdə liderliyə yüksəlib.

Turnirdə klassik yarışların beşinci turunda mübarizə aparan şahmatçımız rusiyalı Yevgeni Alekseyev ilə heç-heçə edib. V.Əsədli növbəti partiyada fransalı Tiqran Qamarian ilə qarşılaşacaq. Şahmatçımız hazırda 4,5 xalla turnir cədvəlində birinci yerdədir.

Komandamızın digər üzvlərindən Zaur Bayramov portuqaliyalı Kevin Spraget ilə heç-heçə edib. Nail Bəşirli braziliyalı Gilyerme Deola Borgesə qalib gəlib. Növbəti turda Z.Bayramov polşalı Kamil Staçovyak, N.Bəşirli italiyalı Kristian Palozza ilə qarşılaşacaqlar. Z.Bayramov 4 xalla 10-cu, N.Bəşirli 3,5 xalla 34-cü pillələrdə qərarlaşıblar.

Yanvarın 25-də start götürən turnir doqquz turdan ibarətdir. İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparır.

Xəbər 687 dəfə oxundu.