Olimpiya kanalı “Tokio 2020” boks seçmə yarışlarının eksklüziv rəqəmsal yayımını təqdim edəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qlobal media platforması olan Olimpiya kanalı bu ilin fevral-may ayları arasında baş tutacaq “Tokio 2020”yə lisenziya xarakteri daşıyan boks turnirinin beş seçmə yarışlarının bütün dünyada eksklüziv olaraq rəqəmsal yayım hüququna sahib olacaq.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, BOK-un qlobal media platforması boks seçmə yarışlarının canlı yayım cədvəlini təqdim edib. Cədvələ əsasən, Olimpiya kanalında Afrika üzrə təsnifat yarışları fevralın 20-29-da Seneqalda (ingilis və fransız dillərində şərh), Asiya və Okeaniya üzrə martın 3-11-də Amman, İordaniyada (ingilis, hind, mandarin və rus), Avropa üzrə martın 13-23-də Böyük Britaniyada (ingilis və rus) və Amerika üzrə isə martın 26-dan aprelin 3-dək Argentinada (ingilis və ispan) baş tutacaq yarışlar tamaçaşılara canlı təqdim olunacaq. Fransanın ev sahibliyi etdiyi ümumi seçmə yarışları isə mayın 13-24-də ingilis və fransız dillərində şərh olunacaq.

Qeyd edək ki, bu kanalda Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində idmançılardan maraqlı müsahibələr də yer alacaq.

Xəbər 859 dəfə oxundu.