Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışların yarımfinalçıları müəyyənləşib
Kişi həndbolçular arasında ölkə kuboku turnirində qrup mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə əvvəlcə “Məhsul” və U-18 komandaları meydana çıxıblar. Görüşdə yarışın əsas favoritinin autsayder üzərində asan qələbə çalacağı gözlənilsə də, “Məhsul” yüksək əzmkarlıq göstərən rəqibin müqavimətini çətinliklə qırıb - 25:22.

Günün ikinci qarşılaşmasında “Təhsil” və oyuna favorit qismində çıxan “Bakı” komandaları üz-üzə gəliblər. “Bakı” komandası rəqibi cəmi dörd xal fərqi ilə üstələməyi bacarıb – 29:25.

Qrup oyunlarının nəticələrinə əsasən, “Məhsul” mərhələni ilk pillədə başa vurub. “Bakı” ikinci, “Təhsil” üçüncü, U-18 isə dördüncü yerlərdə qərarlaşıblar.

Apreldə keçiriləcək yarımfinal oyunlarında “Məhsul” və U-18, “Bakı” ilə isə “Təhsil” komandaları üz-üzə gələcəklər. Azərbaycan kubokunun sahibi mayda müəyyənləşəcək.

Xəbər 975 dəfə oxundu.