Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub
UEFA Avro-2020-nin Bakıda keçiriləcək üç oyununun (Uels–İsveçrə, Türkiyə–Uels, İsveçrə–Türkiyə) və dörddəbir final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

AFFA tərəfindən 2019-cu ilin iyunundan etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib. Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə malikdir. Altı mindən çox namizədlə təkbətək müsahibə aparılıb.

Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün yanvarın 25-də “Elektra Events Hall”da xüsusi gecə təşkil olunub.

Tədbirdəki çıxışlarda Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub.

AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin fəaliyyətinin əhəmiyyətindən danışıblar.

Sonra Rövnəq Abdullayev, Azad Rəhimov və AFFA-nın baş katibi Elxan Məmmədov Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstəyə görə mükafatlar təqdim ediblər. Eyni zamanda, dörd ən fəal könüllüyə hədiyyələr verilib. 1500-dən çox könüllünün iştirak etdiyi gecənin sürpriz qonağı sevilən müğənni Dilarə Kazımova olub.

Xəbər 6349 dəfə oxundu.