“Avro 2020” ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
Azərbaycan Turizm Bürosu və “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupu tərəfindən Bakı Olimpiya Stadionunda yerli turizm şirkətləri üçün seminar təşkil olunub.

Seminarda 40-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə “Avro-2020”nin Bakıda keçiriləcək üç oyunu (Uels–İsveçrə, Türkiyə–Uels, İsveçrə–Türkiyə) və dörddəbir final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb olunması baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.

Tədbirdə yerli Əməliyyat Qrupunun nümayəndələrinin fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı təqdimatları dinlənilib.
Azərbaycan Turizm Bürosunun nümayəndələri turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, “Avro-2020” oyunlarının rəsmi maskotu “Skillzy”nin təqdimatı olub. Sonda qonaqlar üçün Bakı Olimpiya Stadionuna xüsusi tur təşkil edilib.


Xəbər 680 dəfə oxundu.