Bu gün Azərbaycan klubları Antalyada növbəti yoxlama oyunlarını keçirəcək
Yanvarın 25-də Azərbaycanın dörd futbol klubu Antalyada növbəti yoxlama oyunlarını keçirəcək.

Son çempion “Qarabağ” iki yoxlama oyunu keçirəcək. Ağdam klubu əvvəlcə Bakı vaxtı ilə saat 12:30-da Çexiyanın “Siqma”, 18:30-da isə Polşanın “Visla” klubları ilə qarşılaşacaq.

Paytaxt təmsilçisi “Səbail” Polşanın “Korona” klubu ilə saat 16:00-da üz-üzə gələcək.

“Sumqayıt” isə Qazaxıstanın “Şaxtyor” klubu ilə görüşəcək. Matç saat 18:00-da start götürəcək.

“Qələbə” komandası sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Xatırladaq ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “Qəbələ” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Daha sonra isə “Qəbələ” Bolqarıstanın “Etar” komandası ilə qolsuz bərabərə qalıb.

“Qarabağ” isə ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı heç-heçə edib. Qurban Qurbanovun yetirmələri ikinci matçda Qazaxıstan təmsilçisi “Jetisu”nu minimal hesabla üstələyib - 1:0.

İlk matçında Macarıstanın “Kapoşvar” komandasına məğlub olan (3:4) “Sumqayıt” isə sonradan Rumıniyanın “Politexnika” klubu ilə heç-heçə edib - 1:1, Polşanın “Arka” komandasına qalib gəlib - 1:0.

“Səbail” isə Qazaxıstanın “Jetisu” (0:1) və Ukraynanın “Olimpik” (1:3) komandalarına məğlub olub. Paytaxt təmsilçisi üçüncü yoxlama görüşündə Rumıniyanın “Voluntari” klubu ilə heç-heçə edib - 2:2.

Xəbər 690 dəfə oxundu.