Saşa Stamenkoviç: “Neftçi” Çempionlar Liqasına iddialı qatılacaq - MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, qolkiper arxada qalan mövsüm və gələcək planları barədə danışıb.

- Arxada qalan mövsüm haqda nə düşünürsünüz?
- “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinə iddialı qatılacaq. Azərbaycanda futbola gündən-günə daha çox sərmayə qoyulur. Çempionat Serbiyadakından daha maraqlıdır. Çünki çempionluğa birdən artıq komanda iddia edəndə, daha maraqlı alınır.

- “Neftçi”dən ayrılmaq fikriniz yoxdur ki?
- Hələ 1 illik müqaviləm var. Lakin anlaşmanı uzadacağımızı düşünürəm.

- 1 il əvvəl Çempionlar Liqasında Xorvatiya “Dinamo”suna uduzmuşdunuz. Həmin vaxt xoşagəlməz hadisələrdə siz də iştirak etmişdiniz...
- Həmin vaxt baş verənlərdən çox yazdılar. Mən Zaqrebdə təhqir olunmağa razı idim, təki komandamız qalib gəlsin. Qorxub qapıda durmaqdan imtina edəsi deyildim ki? Cavab oyununda isə təhqirlərə cavab verdim.

- Azərbaycanda sizi təəccübləndirən hadisə ilə qarşılaşmısınız?
- Oyunların birində azarkeşlərimiz məni ruhlandırmaq üçün “Srvena Zvezda” qışqırırdılar. Bu, məni təəccübləndirdi. Amma əsas odur ki, Azərbaycanda da klubumu tanıyırlar.

- Azərbaycana getməklə, yığmaya çağırılmaq ehtimalınız azaldı...
- Bakıdan gələn təklifi dəyərləndirərkən, bunu bilirdim.

- Millidə oynamamaqla barışmısınız?
- Belqradda məşqçilərin gözü qabağında onlara lazım olmadım. Həmin vaxt çağırmadılarsa, indi də özləri bilər.

- Azərbaycanda oynayan futbolçular Rusiya və Türkiyədən təkliflər alır...
- Bu, həqiqətən də belədir. Qonşu Rusiya və Türkiyə klublarının menecerləri Azərbaycandakı futbolçuları maraq dairəsində saxlayır.

- Yenidən “Srvena Zvezda”ya qayıtmaq istəmirsiniz ki?
- Mən həmişə “Srvena Zvezda”lı olacam. Nə vaxtsa qayıdıb doğma komandamda oynayacağam da.

Xəbər 1531 dəfə oxundu.