“Australian Open”in hazırkı çempionu Naomi Osaka 15 yaşlı Kori Qauffa uduzub
Tennis üzrə Avstraliya Açıq Çempionatının (“Australian Open”) hazırkı qalibi, yaponiyalı Naomi Osaka “Böyük dəbilqə” seriyasının mövsümdə ilk turnirinin üçüncü dövrəsində amerikalı Kori Qauffa məğlub olub. Turnirin ümumi mükafat fondu 49,1 milyon dollar təşkil edir.

Görüş 6:3, 6:4 hesabı ilə amerikalı tennisçinin xeyrinə başa çatıb. Növbəti dövrədə Qauff çinli Çjan Şuay və amerikalı Sofiya Kenin arasındakı matçın qalibi ilə qarşılaşacaq.

Osaka Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində dördüncü yerdədir, Qauff isə 67-ci mövqedə qərarlaşıb. Yaponiyalı və amerikalı öz aralarında ikinci görüşlərini keçiriblər. İndi onların qarşıdurmasında hesab bərabərdir – 1:1.
15 yaşlı Qauff son 23 il ərzində “Böyük dəbilqə” turnirinin dördüncü dövrəsinə çatan ən gənc qadın (15 yaş 114 gün) tennisçidir. O, bu nəticəyə 2019-cu ildə Uimbldonda nail olub. 2019-cu ilin oktyabrında Qauff özünün ilk və yeganə “WTA” turnirini qazanıb.

22 yaşlı Osakanın aktivində WTA-nın 5 titulu var. O, 2019-cu il Avstraliya Açıq Çempionatının qalibi olub.

Avstraliya Açıq Çempionatı fevralın 2-də başa çatacaq.

AZƏRTAC

Xəbər 666 dəfə oxundu.