“Tokio 2020” Olimpiadası ərəfəsində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Yaponiya hökuməti bu il iyulun 24-dən avqustun 9-dək paytaxt Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasına başlayıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, “Gündoğar” ölkə olimpiada zamanı sərnişin sıxlığının yaranmaması və sərnişinlərin təhlükəsiz olaraq mənzil başına çatdırılması üçün metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Adi idman günlərində metro gecə saat 1-dək fəaliyyət göstərəcək. Oyunların açılış və bağlanış günlərində Rinkai metrostansiyasınıın iş qrafikində xüsusi dəyişikliklər olacaq. Olimpiya yerlərinin ən çox yerləşdiyi bu stansiya gecə saat 2-dək açıq olacaq.

Ehtiyac olacağı təqdirdə gündüz saatlarında qatarlar arasında interval azaldılacaq və xəttə əlavə qatarlar buraxılacaq. Gücləndirilmiş rejim adıçəkilən tədbir başa çatana qədər qüvvədə olacaq. Futbol yarışlarının baş tutacağı Sapporo, Rifu və Kaşima ərazilərində də qatarların xidmət saatları uzadılacaq. Paralimpiya Oyunlarında isə (avqustun 25-dən sentyabrın 9-dək) xidmət saatları bir saata qədər artırılacaq. Hökumət rəsmi tariflər barədə dəqiq məlumatı aprel ayına qədər açıqlayacaq.

Qeyd edək ki, dünyanın nəhəng şəhərlərindən olan Tokioda 285 metro stansiyası fəaliyyət göstərir.

Xəbər 928 dəfə oxundu.