Foqtslu yığma yenə oyundan danışmağa macal vermədi
Milli futbol komandamız daha bir hazırlıq dövrünü başa vurdu. Amma həmişəki mövzu tükənməz olaraq qalır: baş məşqçi bu futbolçulardan nə tələb edir, komandanı hansı formaya salmaq istəyir, onun məqsəd və məramı nədir? Çox qəribədir, sanki Foqts milli komandamızı ilk dəfə məşqə çıxarıb və oyun siftəsini edib. Artıq neçənci dəfədir onun haqqında belə şərh veririk: səbəb futbol ictimaiyyəti qarşısına çıxmaması və hesabat verməməsidir. Təbii ki, bu ona yaradılmış şəraitin və verilmiş toxunulmazlığın nəticəsidir. Lakin ona bu fürsəti verənlər bununla özlərini təhqir etmiş olurlar. Çünki Foqts özünü saymazyana aparmaqla yanaşı, yersiz ifadələr işlətməkdən də çəkinmir. O, futbol anlamında elə də böyük təcrübəsi olmayanların gözünə, necə lazımdır, kül üfürə bilir. Amma futboldan heç anlayışı olmayanlara da artıq aydındır ki, onun iş qabiliyyəti hər dəfə aşağı düşür. Başçılıq etdiyi milli get-gedə Azərbaycan kadrlarından məhrum olmaqdadır.

Əlbəttə, neçə ildir futbolumuzun uğuruna çalışmalı olan bir mütəxəssisin bu qədər müddətdən sonra yerli kadrlardan kimisə kəşf edə bilməməsi artıq təkcə onun problemi deyil. Təbii ki, Foqtsun, alibi kimi işlətdiyi, klublardan yersiz şikayəti var. Lakin aydındır ki, assosiasiya istədiyi vaxt klublarla anlaşa bilər və onlarla tam ciddi iş görmək üçün hər bir əsası da var. Lakin nədənsə bu baş vermir. Üstəlik, nəzərə alaq ki, AFFA Gürcüstanla birgə Avropa çempionatını təşkil etməyə iddialı olmaq istəyir. Həmin vaxta qədər futbol infrastrukturunu tamamilə yeniləmək olar. Lakin futbolun özü olmayan yerdə, bu infrastruktur da heç kimə lazım deyil. Meydanlar onu əhatələyən tribunalarsız heç nədir. Əvvəlcə Azərbaycan futbolunun özünü sahmana salmaq lazımdır. Bu gün Azərbaycan futbolçusu ölkədən kənarda oynamaq istəmirsə, böyük səbəblər də axtarmağa dəyməz. Bu gün klublarımızın qarşısında ictimai öhdəlik yoxdursa, oyunların da boş tribunaların müşayiəti ilə keçməsinə başqa izahat verməyə dəyməz. Bu gün klublar tənqidə dözümlü deyillərsə, onların fanat ordusunun, hər zaman məsuliyyət və uğur tələb edəcək azarkeş dəstəyinin formalaşmamasından danışmaq da olmaz.

Bunlar Foqtsun günahı deyil. Amma o, heç olmasa, meydanda bizə nəsə göstərməyə cəhd etməlidir. Futbolçulara verdiyi normal taktiki göstərişləri, heç olmasa, başlanğıc sxeminin dürüstlüyünü, futbolçularımızın funksionallığa əməl edə bildiyi ilk dəqiqələrdəki doğru seçimini görmək azarkeş arzusudur. O, yeni komanda qurmaq istəyir, amma heyət hələ də Mahirlə Çertoqanovun, hələ növbəti dəfə həm də Subaşiçin, indi isə növbəti legioner selinin girovuna çevrilib. Guya burada onları əvəz edə biləcək oyunçu yoxdur. Foqts istəsə, ulduzu parlayan Abışova da əvəz tapa bilər. Amma bunun üçün Azərbaycan futboluna cüzi hörmət və sayğı göstərmək, nəhayət, onun mahiyyət və strukturunu öyrənmək, onun üçün təzad kimi görünən bəzi məsələlərə münasibət fərqini görmək yetərlidir. Bu gün Azərbaycan yığmasına cəlb olunmuş istənilən əcnəbi futbolçunu, qəti əminəm ki, yerli oyunçular əvəz edə bilərlər. Ümumən Foqtsun nəsil dəyişikliyi anlayışı, hətta Almaniyada çalışdığı illərdə də, bundestimin başına uzunmüddətli oyun açmışdı. İndi ondan nəsə gözləməyə də dəyməz.

İllərdir Foqtslu yığmanın oyunundan danışmaq əvəzinə, elə hey oyunətrafı mövzular və təşkilati işlərdən danışmaq məcburiyyətindəyik. Vəziyyət, çətin ki, qarşıdakı aylarda da dəyişsin. O, yığmanın oyunlarından sonra, vətəninə apardığı komandanı yenə tək buraxdı. Halbuki yaxşı kapitan gəmini sonuncu tərk edir. Üstəlik, əgər gəmidən SOS siqnalı hələ də eşidilirsə...

BATI YAR, “İdman” qəzeti

Xəbər 1196 dəfə oxundu.