Təl-Əviv Qran-Prisində Azərbaycanın doqquz cüdoçusu mübarizəyə başlayır
Yanvarın 23-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri start götürür.

Yarışların birinci günündə Azərbaycanın cüdoçusu mübarizəyə başlayır. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov (60 kq) italiyalı Angelo Pantano, Yaşar Nəcəfov isə ukraynalı Artyom Lesyuk ilə qarşılaşacaqlar. Digər iki cüdoçumuz - 66 kiloqram çəki dərəcəsində yarışa qatılan Orxan Səfərov ispaniyalı Daniel Peres, İbrahim Əliyev Beslan Mudranov (Rusiya) - Bentse Boroş (Macarıstan) cütünün qalibi ilə mübarizə aparacaq.

Qadınların yarışında isə 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı yerli idmançı Şira Rişoni, Leyla Əliyeva türkiyəli Gülkader Şəntürk, Gültac Məmmədəliyeva (52 kq) isə gürcüstanlı Tatyana Levitska-Şukvani ilə görüşəcəklər. Həmçinin İçinxorloo Munxtsedev (57 kq) avstriyalı Sabrina Filsmozer, Aleksandra-Larisa Florian isə Ana Roza (Dominikan Respublikası) ilə üz-üzə gələcəklər.

Turnirdə 90-dək ölkədən 500-dən çox cüdoçu iştirak edir. Qran-Pridə 14 cüdoçumuz medallar uğrunda mübarizəyə qoşulub.

Qeyd edək ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (+78 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda beşinci olub.

Xəbər 798 dəfə oxundu.