Ruslan Həsənov gənclərin dünya kubokunun mərhələ yarışında beşinci olub
Bəhreynin paytaxtı Manama şəhərində şpaqa üzrə gənclərin dünya kubokunun mərhələ yarışına yekun vurulub.

Milli komandamızın üzvlərindən Ruslan Həsənov ümumi göstəricidə 5-ci olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran idmançımız uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Onaltıdabir finalda Yeni Zelandiya təmsilçisi Metyu Valkenburqu 15:11 hesabı ilə məğlub edən R.Həsənov ardınca rusiyalı Kirill Qurov üzərində 15:10 hesablı qələbə qazanıb. O, dörddəbir finalda turnirin qalibi, Rusiya idmançısı Dmitriy Şvelidzeyə 11:15 hesabı ilə uduzub.
Qeyd edək ki, R.Həsənov ənənəvi keçirilən turnirdə ötən il gümüş medal qazanıb.

Digər şpaqaçılarımızdan qrup mərhələsini 4 qələbə ilə başa vuran Barat Quliyev ən güclü 32 şpaqaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Əldərbiyə 15:2 hesabı ilə qalib gəlib. Təmsilçimiz qələbə seriyasını misirli Məhəmməd Adamla görüşdə də davam etdirib. Quliyev rəqibi üzərində 15:10 hesablı qələbə qazanıb.

Şpaqaçımız dörddəbir finalda Rusiya şpaqaçısı İqor Qaninə 8:15 hesabı ilə uduzub.

Qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksələn Fərrux Səfərov isə onaltıdabir finalda Rusiya təmsilçisi Vladimir Tolasova 9:15 hesabı ilə məğlub olub.

Xəbər 889 dəfə oxundu.