Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin açılış mərasimi keçirilib
“Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir.
Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.
AMPK-nın prezidenti Yaşar Bəşirov karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və digərləri də çıxışlarında ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, müasir müstəqil Azərbaycanda bütün sahələr kimi bədən tərbiyəsi və idman da sürətlə inkişaf edir.

Sonda beynəlxalq turnirin təşkilində əməyi olan şəxslər təltif ediliblər.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkədən 900-dən çox idmançı mübarizə aparır. Turnirin birinci günündə təşkil olunan kata yarışlarında bütün yaş qruplarında idmançılar çıxış ediblər. Yanvarın 18-də 6-11, 19-da isə 12-17 yaşlı yeniyetmə və gənclər arasında kumite yarışları keçiriləcək.


Xəbər 683 dəfə oxundu.