Cüdo üzrə Azərbaycan birinciliyinin fərdi yarışları başa çatıb
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin üçüncü gününün yarışları keçirilib.

Yarışın üçüncü günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib. Belə ki, Əli Hacıyev (55 kq), Nahid İsmayılov (73 kq), Məhəmməd Məmmədzadə (+90 kq) oğlanlar arasında keçirilən yarışlarda birinci yeri tutublar. Qızlar arasında isə Nigar Şahməmmədova (44 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (+70 kq) ilk pillədə qərarlaşıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Beləliklə, birinciliyin fərdi yarışları başa çatıb.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də komanda yarışları ilə yekun vurulacaq.

Xatırladaq ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Xəbər 684 dəfə oxundu.