Cüdoçularımızın Avstriyadakı təlim-məşq toplanışı başa çatıb
Cüdo üzrə yığma komandamız builki yarışlara hazırlıq çərçivəsində ilk təlim-məşq toplanışını başa vurub.

Toplanışda əsas milli komanda, qadınlar və paralimpiya komandamız iştirak edib. Hər il ənənəvi Avstriya toplanışına dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları qatılırlar.

Builki hazırlıq prosesində Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı, Olimpiya çempionları - fransız Teddi Riner, çexiyalı Lukas Krpalek, Rusiya idmançıları Hasan Xalmurzayev və Beslan Mudranov, kosovalı Majlinda Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak ediblər.

Azərbaycanın tanınmış cüdoçusu, Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov Mittersill şəhərində təlim-məşq toplanışını tətildən sonra ilin ilk ağır məşqi adlandırıb. O qeyd edib ki, hazırlığım yüksək səviyyədədir. Mən yenə də güclüyəm və sona qədər vuruşmağa hazıram. Qızıl medal tezliklə olacaq.

Komandamız ilin ilk nüfuzlu yarışı olan Qran-Pri turnirində 15 cüdoçu ilə təmsil olunacaq. Yanvarın 23-dən 25-dək Təl-Əvivdə keçiriləcək yarışda dünyanın 90-a yaxın ölkəsindən 600-dən çox idmançı iştirakını təsdiqləyib.

Xəbər 668 dəfə oxundu.