Adebayora pul, Berbatova Terim əngəli
Ötən transfer dövründə futbol ictimaiyyətinin Didye Droqba, Dieqo Forlan kimi dünya səviyyəli qolçu ulduz gözləmələrinə qarşı iqtisadi və məntiqli baxımdan daha ağıllı strategiya aparan «Qalatasaray»ın bu mövsüm də işi asan olmayacaq.

İdman.com.az saytının məlumatına görə, bu dəfə özünü Çempionlar Liqasına kökləyən «Qalatasaray»ın rəhbərliyi dünya səviyyəsində qolçu gətirmək istəyir. Bunlardan biri də İngiltərə Premyer Liqasından «Mançester Siti»nin toqolu qolçusu Emanuel Adebayordur. Ötən qalan mövsümü «Tottenhem»də icarədə keçirən Adebayora menecerler vasitəsiylə xəbər göndərən türklər, ulduz qolçunun illik 6,5 milyon avro istəməsi qarşısında, bu xəyaldan əl çəkdilər.

Klub prezidenti Ünal Aysalın heyətdə görmək istədiyini ara-sıra təkrarladığı Dimitar Berbatov üçünsə baş məşqçi Fateh Terimdən mənfi münasibət gəldi. «İmperator» Aleks Ferqyusonun «Mançester Yunayted»dən çoxdan yola salmaq istədiyi bolqar futbolçunun əvəzinə, intizama daha asan uyğunlaşan birinin gətirilməsini istəyir.

Ümumiyyətlə, «Qalatasaray»ın heyətində olan 6 futbolçunun müqaviləsi sona çatdı. 5 mövsümdür komandanın formanı geyinən Sərvət Çətin, komandanın kapitanlarından Səbri Sarıoğlu və qolçu Nəcati Atəşin, eləcə də Aykut Ərçətin, Ayxan Ağman və Felipe Melonun müqavilələri sona çatdı. Meloyla yanaşı Səbridən də ödənişin aşağı salınması istənəcək. Nəcati Atəşə isə yaxın günlərdə yeni müqavilə təklif edilməsi gözlənilir.

Xəbər 1032 dəfə oxundu.