Dirk Küyt «Fənərbağça»da
«Fənərbağça» İngiltərə «Liverpul»unun niderlandlı oyunçusu Dirk Küytu 1 milyon avro müqabilində 3 illik müqavilə ilə sıralarına qatdı. İdman.com.az saytının məlumatına görə, futbolçu özü türklərdən ilə 2,5 milyon avro alacaq. 32 yaşlı futbolçunun ingilis klubu ilə müqaviləsi gələn mövsüm başa çatırdı.

«Sarı-lacivərdlilər»in idarə heyəti üzvü Əli İldırım bu transfer barədə deyib: «Böyük bir transfer etdik. Küyt, 13-14 klub arasından «Fənərbağça»nı seçdi. 4 aydır bu transferlə məşğul olurduq. Küyt də çox şaddı, biz də çox şadıq».
Niderlandlı futbolçu Utrextdə futbol oynamağa başlayıb, daha sonra 2003-2004 mövsümündə «Feyenoord»a transfer olunmuşdu. Təcrübəli futbolçu 2006-2007-ci illər mövsümündən bəri «Liverpul»un formasını geyinir.
Dirk Küyt bu mövsüm «Liverpul»la Premyer Liqada oynadığı 34 matçın 22-də əsas heyətdə yer alıb və rəqib qapılarına 2 qol vurub. Ümumiyyətlə, «Liverpul»da oynadığı 6 mövsümdə 276 matçda 71 qol vurub. O, Niderland millisi ilə Avro-2012-yə də qatılacaq. 2004-cü ildən bəri 85 dəfə milli komandada forması geyinən Küyt, rəqib qapılarına 24 qol vurub. Bu qollardan 6-nı hazırkı qitə yarışının seçmələrində vuraraq, komandasının uğurunda əhəmiyyətli rol oynayıb.

Küyt özü yeni klubu barədə bunları deyib: «Həyəcanlıyam, «Fənərbağça» kimi böyük bir klubun bir parçası olduğum üçün çox xoşbəxtəm. Səbrsizliklə «Fənərbağça»nın formasında komandaya fayda verməyi gözləyirəm. 6 il «Liverpul»da oynadım. Böyük uğurlar əldə etdik. İndi isə yeni bir həyəcan yaşamağın və yeni təcrübə toplamağın lazım olduğuna inandım. Menecerim vasitəsiylə Avropadan 10-dan yuxarı əhəmiyyətli klubdan təklif gəldi. «Fənərbağça»nı deyəndə heç düşünmədim və qəbul etdim. Burada da böyük uğurlar əldə etmək istəyirəm».

«Fənərbağça»nın hər il çempionluğa oynayan və Avropada uğurları düşünən bir klub olmasının seçimində təsirli olduğunu söyləyən niderlandlı deyib: «Mənə «Fənərbağça»nı ilk tövsiyə edən yoldaşım Pyer Van Hooydonk oldu. Möhtəşəm və möcüzəli bir klub olduğunu söylədi. Gəncliyimdən bəri «Fənərbağça»nı tanıyırdım. «Feyenoord»da oynayarkən «Fənərbağça» ilə qarşılaşmışdıq. Möcüzəli ab-havasını, fanatlarını yaxından görmüşdüm. Bütün bunlar «Fənərbağça»ya gəlməmdə əhəmiyyətli rol oynadı».

Xəbər 1292 dəfə oxundu.