Klublar qışa yenə Antalyada hazırlaşırlar
Milli futbol çempionatının Premyer liqasında çıxış edən klubların qış hazırlığı, əsasən, yeni ilin ilk günlərindən başlanıb. Komandalar mövsümün son hissəsi üçün heyətinə əl gəzdirməyə də başlayıblar. Hələlik hazırlıq ənənə üzrə sakit və mövsümü məqsədlər üzərində qurulmuş planlara müvafiq qaydada davam edir.Çempion və yeni mövsümün də şəriksiz lideri "Qarabağ" öz bazasında məşqlərə fiziki təmrinlərlə başlayaraq, səfər ərəfəsində tempi artırmaqla məşğul olub. Yanrvarın 12-dən Antalyada əsas hazırlıqlara start verən kollektiv 14 gün ərzində 4 yoxlama matçda qüvvəsini sınayacaq. Klub yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni", 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və sonra Polşanın "Visla Plok" klubları ilə qarşılaşacaq.

Heyətə gəlincə, Asmir Beqoviç, Simeon Slavçev və Riçard Almeyda komandadan ayrılıblar. Mövcud potensial mövsümü sakit axarla çempion kimi başa vurmağa yetərli hesab oluna bilər. Lakin gələn mövsüm də qitəmiqyaslı yarışlarda iştirakı şübhə doğurmayan kollektivdə artıq güclənmək üçün arayışların indidən başlaması zəruridir. Ötən iki ilin təcrübəsi də göstərir ki, yay mövsümündə əl atılan yeniləşmə tədbirləri bir o qədər də effektiv, səmərəli olmur.

"Neftçi"də yeni ildə Müşahidə Şurası toplaşaraq, komandanın mövsümün ilk yarısındakı nəticələrini qeyri-qənaətbəxş sayıb və son iki dövrədə maksimum nəticə qazanmaq vəzifəsi var. Lakin bu maksimumun nədən ibarət olması bəlli deyil.
"Səbail"ə üz tutmuş Rauf Əliyevlə yolları ayıran "ağ-qaralar" hazırlığa Arazın o tayından "Maşinsazi"nin 28 yaşlı yarımmüdafiəçisi Saman Nəriman Cahanla ilyarımlıq müqavilə bağlamaqla başlayıb. "Səbail"ə icarəyə verilmiş Mirabdulla Abbasovu qaytaran kollektivdə "Sumqayıt"lı İbrahim Əliyev də forma geyinəcək.
Bakı hazırlıqlarının ardınca komanda Türkiyənin Antalya şəhərində məşqlərə çıxır. Paytaxt klubu burada yanvarın 15-i Lodz LKS-i (Polşa), 20-si Kiyev "Dinamo"su (Ukrayna), 24-ü "Desna" (Ukrayna) ilə qarşılaşacaq.

Ötən ilin autsayderi, bu mövsümdə isə mükafat almağa iddialı olan "Keşlə" yeni ilə danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində günahları sübut olunmuş məşqçisi və inzibatçısı ilə müqavilələri ləğv etməklə başlayıb.

Komanda doğma divarlar arasındakı hazırlıq prosesini "Qaradağ Lökbatan"la başa vurub və 3:0 hesabı ilə (Vüsal İsgəndərli, Ruslan Qurbanov və Ruslan Əmircanov) qalib gəlib.

Ayın 12-dən "Keşlə" də Antalyadadır. 14 gün ərzində komanda 3 yoxlama oyun keçirəcək. Yanvarın 17-də Almaniyanın "Zvikau", 22-də Rusiyanın "Arsenal" (Tula), 24-də Slovakiyanın "Zemplin" kollektivləri ilə sınaqlar nəzərdə tutulub.

Komandanın hələlik bir tansferi rəsmiləşib və Özbəkistandan Şahruh Qadoyev heyətə cəlb olunub.

"Sumqayıt" yanvarın 3-dən 10-dək hazırlıqları ölkə daxilində aparıb. Ayın 12-dən Antalyada qərar tutmuş kollektiv 3 yoxlama oyundan birincisini bu gün Macarıstanın "Kapoşvar"ı ilə keçirəcək. Daha sonra yanvarın 17-də Rumıniyanın "Politexnika", 21-də Polşanın "Arka" klubları ilə üz-üzə olacaq.

İbrahim Əliyevi "Neftçi"yə buraxmış komanda qarşılıqlı razılıq əsasında 23 yaşlı yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə müqaviləyə xitam verib və o, karyerasını "Qəbələ"də davam etdirəcək.

Yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışına başlamış "Zirə" isə artıq ilk matçını keçirib. Yanvarın 11-də kollektiv yerli "Ümraniyəspor"a 0:3 hesabı ilə uduzub. Növbəti matç yanvarın 16-da Rumıniyanın "Sepsi" klubu ilə olmalıdır. Son rəqibin ayın 21-də Serbiyanın "Napredak"ı olacağı da klubdan yayılmış məlumatda əksini tapıb.

Komanda hələlik bir futbolçu ilə yollarını ayırıb. Soni Norde Bakını tərk edib. Əvəzində Davit Volkov ("Qəbələ") və Ağabala Ramazanovun ("Səbail") komandanı gücləndirmək ehtimalı çoxdur.

Hendrik Ekşteyn və Rocer Roxası yola salmış "Sabah" yanvarın 3-də ilk məşqinə çıxmaqla daha böyük uğurlar ardınca yola çıxmaq istəyir. Komanda yeni il ərəfəsində artıq qış fasiləsinin ilk əcnəbi transferini həyata keçirərək, öz vətənində "Qoritsa"nın şərəfini qoruyan 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi Mario Marinanı heyətə qatıb. İlk məşqdən meydanda olan futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Kollektiv yanvarın 8-dən Antalyadadır və ilk görüşündə Macarıstanın "Pakş" komandasına 0:2 hesabı ilə uduzub. Komanda əsas heyətdə oynamağa namizədlərin meydanda olduğu müddətdə rəqiblə başabaş mübarizə aparıb, sonradan sahəyə gənclər daxil edilib və qollar da həmin vaxt buraxılıb.

Komandanın sonrakı qarşılaşmaları Rumıniyanın "Akademika Klinçeni" (15 yanvar), Qazaxıstanın "Kaysar" (19 yanvar) klubları ilə olacaq. Yanvarın 22-nə - Vətənə dönənədək daha bir matç da planlaşdırılır.

"Qəbələ" mövsümün qalan hissəsinə Bakıda hazırlaşmağa başlayaraq, daha sonra Türkiyəyə üz tutub. 23 yaşlı yarımmüdafiəçi Ehtiram Şahverdiyevi heyətinə cəlb etmiş kollektiv Bakıdakı təlimlərin yekunu kimi keçirdiyi sparrinqdə MOİK-ə 4 cavabsız qolla (Ülvi İsgəndərov, Fernan Lopes, Klesio Bauk, Rövlan Muradov) qalib gəlib.

"Səbail" Ağabala Ramazanov və Mirabdulla Abbasovdan savayı, Elvin Yunuszadə ilə vidalaşıb. Rauf Əliyevlə yanaşı, "Keşlə"dən 21 yaşlı müdafiəçi Murad Qayalını heyətinə qatmış komandada böyük yeniliklərin olması gözlənilmir. Klub məşqlərə Bakıda başlamaqla, Antalyada davam etdirir.

Beləliklə, mövsümün elitarları həmrəylik nümayiş etdirərək Antalyaya yenicə üz tutub. Bu səbəbdən klubların yeni mövsümə hazırlığının qiymətini vermək erkəndir. Lakin hər klub bu səfərə özünəməxsus problemlərlə yollanıb. Onların həlli istiqamətində görülən işlər əsas hədəf olmalıdır.

BATI YAR

Xəbər 1358 dəfə oxundu.