Naxçıvanlı idmançılar ötən il 369 medal qazanıblar
Ötən il muxtar respublika idmançıları ölkə birinciliklərində 179, beynəlxalq turnirlərdə 165, dünya çempionatında 5, Avropa çempionatında 20 medal olmaqla, cəmi 369 medal qazanıblar.

Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında danışılıb.

İclasda çıxış edən nazir Azad Cabbarov bildirib ki, 2019-cu il ərzində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə gənclərin iştirakı təmin olunub. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar muxtar respublikada “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı, futbol üzrə Azərbaycan kubokunun final oyunu, kikboksinq, karate-do və cüdo üzrə beynəlxalq turnirlər, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında turnir keçirilib.

“Türkiyə və Naxçıvan alpinistlərinin, əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil olunub, dövlət və özəl təşkilatlar arasında futzal liqası, Naxçıvan Muxtar Respublika XVII Futbol çempionatının II dövrə oyunları, XVIII futbol çempionatının I dövrə oyunları təşkil edilib”, – deyən nazir diqqətə çatdırıb ki, ötən il, həmçinin “İdman hamı üçün” şüarı altında “Azərbaycan Olimpiya Odisseyası” adlı tədbir, muxtar respublikanın bədən tərbiyəsi müəllimlərinin “D” kateqoriyalı məşqçi kursu, futbol üzrə şəhər və rayon birincilikləri, futbol hakimləri üçün seminarlar, Şərur rayon Ağır Atletika bölməsində bodibildinq üzrə Bakı şəhərindən dəvət olunmuş məşqçi-müəllim tərəfindən idmançılar üçün seminar və süni divara dırmanma üzrə təlim-məşq toplanışları, “Nakhchivan CUP-95” beynəlxalq turniri də keçirilib.

Sonra məruzə ətrafında müzakirələr olub.

Xəbər 725 dəfə oxundu.