Dünya kubokunda 1 dəst medal
Andrey Kraytor Valentin Demyanenkonu üstələdi

Moskvada keçirilən kayak və kanoe üzrə dünya kubokunun III təsnifat mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yarışda iştirak etmiş Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qızıl və gümüş medallara kanoeçimiz Andrey Kraytor sahib olub. 1-nəfərlik qayıqla mübarizə aparan Kraytor 200 metr məsafəyə final yürüşündə finişə hamıdan tez – 39,827 saniyəyə çatıb. Gümüş medala litvalı Yevgeni Şuklin (40,207), bürünc medala rusiyalı Aleksandr Kostoqlod (40,951) layiq görülüb. Azərbaycanlı 3 qat dünya, 3 qat Avropa çempionu və London Yay Olimpiya Oyunlarına lisenziya sahibi Valentin Demyanenko 41,251 saniyə nəticə ilə 4-cü yerlə kifayətlənib. Rusiyalı Andrey Qanin (41,269) 5-ci, litvalı Yevgeni Myasnyankin (42,073) 6-cı, kanadalı Mark Olderşou (42,553), iranlı Adil Mojallalimoğaddam Fumani (42,643) 8-ci, venesuelalı Ronni Ratia (42,890) 9-cu olub.

Kraytor 1-nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə də Demyanenkodan üstün olub. Lakin bu dəfə 20 yaşlı idmançımız finişə 1 dəqiqə 58,143 saniyəyə 2-ci çatdığı halda, ən titullu kanoeçimiz 2 dəqiqə 2,572 saniyə göstərici ilə 8-ci olub. Qızıl medala rusiyalı İlya Ştokalov (1:57.887) layiq görüldüyü halda, bürünc medalı almaniyalı Sebastian Henniq (1:58.228) əldə edib. Moldovalı Pavel Rusu (1:58.947) 4-cü, almaniyalı Yan Vandrey (1:59.079) 5-ci, rusiyalı Leonid Tılş (2:00.359) 6-cı, qazaxıstanlı Ruslan Muratov (2:01.027) 7-ci, cənubi koreyalı Donqjin Şin (2:11.608) isə 9-cu olub.

2-nəfərlik kanoe qayığı ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yalnız 500 metr məsafəyə yürüşdə bürünc medal qazana bilib. Onlar finişə 1 dəqiqə 52,377 saniyə nəticə ilə üçüncü çatıblar. Qızıl medala qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov (1:50.531), gümüş medala rusiyalı Vladimir Çernışov – İvan Kuznetsov (1:51.820) dueti layiq görülüb. Çex Respublikasından olan Yaroslav Radon – Filip Dvorak (1:53.729) 4-cü, rusiyalı Pavel Petrov – Aleksey Bovdurets (1:55.131) 5-ci, moldovalı Vasili Kirila – Andrey Turtsan (1:58.184) 6-cı, özbəkistanlı İqor Karqapolov – İldor Kayumov (2:02.928) 7-ci, qazaxıstanlı Vladimir Petrov – Yevgeni Kovalenko (2:06.864) 8-ci, anqolalı Nelson Enrikes – Fortunato Pakavira (2:22.376) 9-cu olub.

Azərbaycanlı duet 1000 metr məsafəyə yürüşdə olduğu kimi, 200 metr məsafədə də 4-cü yeri tutub. Finişə 38,165 saniyəyə çatan Bezuqlıy – Prokopenko cütlüyünü mükafatdan 0,110 saniyə ayırıb. Litvalı Raymundas Labukas – Tomas Qadeykis (37.497) qızıl, braziliyalı Erlon de Souza Silva – Ronilson Matias de Oliveyra (37.906) gümüş, rusiyalı Viktor Melantyev – Nikolay Lıpkin (38.055) bürünc medal qazanıb. Rusiyalı Yevgeni İqnatov – Aleksandr Kostoqlod (39.127) 5-ci, çexiyalı Yaroslav Radon – Filip Dvorak (39.778) 6-cı, çilili Conatan Tafra – Alvaro Torres (40.049) 7-ci, qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov (40.059) 8-ci, moldovalı Vasili Kirila – Andrey Turtsan (40.680) dueti 9-cu olub.

Kayakçımız Mirnazim Cavadov həm 200 metr, həm də 500 metr məsafəyə final yürüşündə iştirak edib. Lakin o, hər iki halda 9-cu olub. 200 metrlik yürüşdə 20 yaşlı təmsilçimiz finişə 37,335 saniyəyə, 500 metrlik yürüşdə isə 1 dəqiqə 53,403 saniyəyə çatıb. İlk halda Cavadov ekvadorlu Sezar de Sezare (35.555), rusiyalı Maksim Moloçkov (35.574), polşalı Pyotr Simyonovski (35.889), litvalı İqnas Navakauskas (36.025), latviyalı Aleksey Rumyantsev (36:071), litvalı Egidiyus Balçyunas (36.314), avstraliyalı
Mürrey Stüart (36.914) və kanadalı Adam van Kuverdendən (36.979) geri qalıb. Bu yürüşdə B finalında iştirak etmiş digər kayakçımız Tamerlan Mustafayev finişə 40,538 saniyəyə çatıb və yekunda 16-cı olub.

İkinci halda isə Cavadov avstraliyalı Mürrey Stüart (1:45.825), rusiyalı Yuri Postriqay (1:47.830), sloveniyalı Yost Zakraysek (1:48.497), rusiyalı Dmitri Yekimov (1:50.019), almaniyalı Sören Şüst (1:50.301), özbəkistanlı Viliyam İbrahimov (1:50.918) və Aleksey Moçalov (1:51.677) və Aleksandr Yemelyanovdan (1:52.972) geri qalıb.

Qeyd edək ki, kanoeçilərimiz daha öncə dünya kubokunun I mərhələsində mübarizə aparıblar. Onlardan Andrey Kraytor 1 -nəfərlik qayıqla olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlı – Maksim Prokopenko dueti isə 2-nəfərlik qayıqla (C-2) 500 metrlik yürüşdə gümüş, 200 metrlik və olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə bürünc medal qazanıb.

Xəbər 1415 dəfə oxundu.