Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Polşa yığması ilə qarşılaşıb
Yanvarın 10-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinin qrup mərhələsində sonuncu oyununu keçirib.

Millimiz Niderlandın Apeldorn şəhərində Polşa yığması ilə qarşılaşıb. Görüş polşalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz qrup mərhələsi çərçivəsində Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə məğlub olub.

Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa milliləri ilə birgə mübarizə aparır. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayırlar.

Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Xəbər 707 dəfə oxundu.