Fuad Cəfərov şahmat memorialının ilk qalibləri məlum olub
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən ənənəvi memorial hər il keçirilir. Builki turnirə Azərbaycan, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 100-dən çox şahmatçı qatılıb. Festival üç qrup - A (qrossmeyster və beynəlxalq usta), B (Open) və C (uşaqlar) üzrə keçirilir. Bundan əlavə, festival çərçivəsində rapid və blits yarışları da təşkil olunur.

Bu sözləri turnirin əsas təşkilatçısı, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani müsahibəsində deyib.

Turnirə marağın ildən-ilə artdığını vurğulayan İ.Bacarani deyib ki, artıq blits yarışı və uşaq turniri başa çatıb. Blits turnirində ümumi nəticələrə görə birinci yeri 12,5 xalla İran komandası tutub. Sonrakı iki pillədə 9,5 və 9 xalla Azərbaycan komandaları qərarlaşıblar. Bu gün, həmçinin uşaq turnirinə yekun vurulub. Azərbaycan komandasının üzvü Tunar Davudov 12 yaşlı oğlanların (7 xal), Ayan Hüseynli (5 xal) isə qızların mübarizəsində birinci yeri tutublar. Doqquz yaşlıların turnirində isə oğlanlar arasında Murad Xəlilzadə (6 xal), qızlardan Dinarə Hüseynova (4 xal) qalib olublar.

Xatirə turnirinə yanvarın 11-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 554 dəfə oxundu.