Kiyevdə əfsanəvi futbol mütəxəssisi Valeri Lobanovskinin xatirəsi anılıb
Yanvarın 6-sı Ukrayna futbolu üçün əlamətdar gündür. Səksən bir il əvvəl görkəmli futbolçu və məşqçi, Ukraynanın qəhrəmanı Valeri Lobanovski anadan olub.

Kiyevin “Dinamo” klubunun tarixinə qızıl hərflərlə yazılmış V.Lobanovskinin xatirəsi ehtiramla anılıb. Onu sevənlər, futbol ictimaiyyəti, qohumları və dostları, “Dinamo” komandasının oyunçuları, məşqçilər və futbolçular, azarkeşlər və jurnalistlər V.Lobanovskinin məzarı və abidəsi önünə gələrək tər çiçək düzüblər. Onların arasında əfsanənin tərəfdaşları və şagirdləri Andrey Biba, Aleksey Mixailçenko, Vadim Yevtuşenko, Mixail Mixailov, Pavel Yakovenko, Yuri Dmitrulin, Sergey Kovelts və digərləri də olublar.

Anım tədbiri daha sonra V.Lobanovskinin “Dinamo” stadionunun qarşısındakı abidəsi önündə davam edib. Burada çıxış edənlər onun Ukrayna futbolunun inkişafındakı xidmətlərindən danışıblar.

Qeyd edək ki, ukraynalı futbol mütəxəssisi V.Lobanovski futbolçu karyerasında hücumçu mövqeyində oynayıb. Futbolçu kimi karyerasını bitirdikdən sonra o, “Dinamo” klubunu çalışdırıb. Onun rəhbərliyi ilə komanda iki dəfə UEFA Kuboklar Kubokunun, bir dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. SSRİ yığma komandası isə V.Lovanovskinin rəhbərliyi ilə 1988-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

AZƏRTAC

Xəbər 674 dəfə oxundu.