"Qəbələ" komandası Macarıstan və Rusiya klubları ilə qarşılaşacaq
“Qəbələ” futbol klubu yanvarın 4-də 2019-2020-ci il mövsümünün ikinci yarısının hazırlığına start verəcək. “Qırmızı-qaralar” Bakıda bir araya gələcəklər.

Azsport.az kluba istinadla xəbər verir ki, Elmar Baxşıyevin rəhbərliyi ilə baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcəklər.

Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.

“Qəbələ” yanvarın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcəklər. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 21-də və 25-də keçiriləcək digər iki qarşılaşmadakı rəqiblər dəqiqləşməyib.


Xəbər 743 dəfə oxundu.