Gənc sərbəst güləşçilərimiz Qubada hazırlaşırlar
Gənc sərbəst güləşçilərdən ibarət yığma komandamız mayın31-dən iyunun 16-na qədər qarşıdan gələn Avropa birinciliyinə hazırlıq məqsədilə Qubada təlim-məşq toplanışında iştirak edir. Güləş Federasiyasından idman.com.az saytına verilən məlumata görə, toplanışa yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Rövşən Hacıyev rəhbərlik edirlər.

Yığma komandanın 20 üzvünün iştirak etdiyi hazırlıq Quba Olimpiya İdman Kompleksində keçirilir. Heyətə isə Ruslan Qasımov, Xəqan Xəlilov, İxtiyar Quliyev (hər üçü - 50 kq), Qalib Əliyev, Fuad Nəsirli, Pərviz İbrahimov (55 kq), Əhmədnəbi Qvarzatilov, Coşqun Əzimov, Hüseyn Nəsirov (60 kq), Bəxtiyar İsrafilli, Məhəmməd Müslümov (66 kq), Elcan Usubzadə, Kamran Yunusov, Murtuz Müslümov (74 kq), Məhəmmədhacı Xatiyev, Mircəfər Murtuzlu, Orxan Şərifov (84 kq), Hacı Şərifov (96 kq), Əli Məhəmmədəbirov (120 kq) və Toğrul Cavadlı (120 kq) cəlb ediliblər.

Xatırladaq ki, güləş üzrə gənclər arasında Avropa birinciliyi iyun 19-24-də Xorvatiya paytaxtı Zaqrebdə keçiriləcək.

Xəbər 1116 dəfə oxundu.