Bakı Karate-do Akademiyasında ilin yekunları müzakirə edilib
Dekabrın 28-də Bakı Olimpiya Stadionunun konfrans zalında Bakı Karate-do Akademiyasının (BKA) 2019-cu ildəki fəaliyyətinin yekunları müzakirə edilib.

BKA-nın prezidenti Vüsal Abdullazadə tədbirdə çıxış edərək təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, bu il BKA karatenin layt-kontakt və full-kontakt versiyaları da daxil yeddi yerli turnir təşkil edib. Bu yarışlarda 4500-dən çox idmançı qüvvəsini sınayıb. Təmsilçilərimiz beynəlxalq yarışlarda da ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Portuqaliyada və Gürcüstanda keçirilən dünya çempionatlarında idmançılarımız 5 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar. Müxtəlif beynəlxalq turnirlərdə və dünya kubokunda isə ümumilikdə 78 medal (32 qızıl, 16 gümüş, 24 bürünc) əldə edilib. Yerli yarışlarda BKA idmançıları 250-dən çox medala layiq görülüblər.

Tədbirdə akademiyanın fəxri prezidenti Məmməd Əliyev, vitse-prezidenti Elçin Məmmədli və başqaları çıxış edərək BKA-nın təmsilçilərinin əldə etdikləri nailiyyətlərdən danışıblar.

Sonra 2019-cu ildə uğur qazanan idmançılar mükafatlandırılıb. Tədbirdə, həmçinin televiziya və media nümayəndələri də təltif ediliblər. Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Leyla Qurbanova da var.

Xəbər 758 dəfə oxundu.