Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda dövlətin diqqət və qayğısı nəticəsində idmanın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan qabaqcıl idman ölkələrindən birinə çevrilib. Nazir müavini başa çatmaqda olan 2019-cu ildə cüdoçularımızın bir sıra nailiyyətlərə imza atdığını bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında idmançılarımızın bu il böyük uğurlar əldə etdiklərini diqqətə çatdırıb. Bu uğurlarda cüdoçularımızın da payı olduğunu qeyd edən Xəzər İsayev deyib: “Gələn il idman ictimaiyyəti üçün ən məsuliyyətli illərdən biridir. Tokioda Yay Olimpiya Oyunları keçiriləcək və bu nüfuzlu idman yarışına lisenziya xarakterli turnirlər davam edir. Cüdoçularımız builki yarışlarda uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. Sevindirici haldır ki, gənc cüdoçularımız yetişir və onlardan da parlaq qələbələr gözləyirik. İnanırıq ki, cüdoçularımız Tokio Olimpiadasında maksimum lisenziya qazanaraq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər”.

Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qadın və kişilər arasında keçirilən Azərbaycan çempionatında gərgin rəqabət getdiyini bildirib. Qeyd edib ki, bu yarışda fərqlənən idmançılar yığma komandaya cəlb ediləcək.

Dövlət himni səsləndirilikdən sonra medallar uğrunda qarşılaşmalar başlayıb.

Xəbər 723 dəfə oxundu.