Masallıda idman festivalı təşkil edilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Boradigah qəsəbəsində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gəlin həmrəy olaq!” devizi ilə idman festivalı keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov festivalın əhəmiyyətindən danışıb.

Bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan C.Manafov bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini, müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanındığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda də sosial-iqtisadi, mədəni və idman həyatında davamlı inkişafa nail olunub.

Festivalda taekvando, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, futbol, voleybol, kikboksinq, boks və karate idman növləri üzrə 250-ə yaxın idmançı iştirak edib.

Xəbər 703 dəfə oxundu.