Bu gün futbol üzrə Azərbaycan kubokunun digər yarımfinalçıları da müəyyənləşəcək
Dekabrın 20-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın dörddəbir final mərhələsinin son iki cavab oyunu keçiriləcək.

“Kapital Bank Arena”da keçirilən birinci oyunda “Sumqayıt” klubu “Neftçi” komandasını qəbul edəcək. Saat 17:00-da start götürəcək qarşılaşmanın baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Komandalar arasında birinci oyunda sumqayıtlılar minimal hesabla qalib gəliblər – 1:0.

Günün sonuncu qarşılaşmasında isə “Keşlə” komandası “ASCO Arena”da “Qarabağ” ilə görüşəcək. Rauf Cabbarovun idarə edəcəyi oyun saat 20:00-da başlayacaq.

Bu komandaların birinci görüşündə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan kuboku uğrunda yarışın digər yarımfinalçıları “Qəbələ” və “Zirə” komandalarıdır. “Qəbələ” dörddəbir finalda “Sabah”ı (3:0, 3:2), “Zirə” isə “Səbail”i (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

Yarışın birinci yarımfinal qarşılaşmasında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Digər yarımfinal matçında isə bugünkü oyunların qalibləri qarşılaşacaqlar. Yarımfinal mərhələsinin oyunları aprelin 22-də, cavab görüşləri isə bir həftə sonra təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan kuboku uğrunda turnirin sonuncu qalibi finalda “Sumqayıt” klubuna 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası olub.

Xəbər 647 dəfə oxundu.