FIFA qurum komitəsinin keçmiş üzvünü ömürlük diskvalifikasiya edib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qurumun komitəsinin keçmiş üzvü Ariel Alvaradonu rüşvətxorluğa görə beynəlxalq və milli səviyyədə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük diskvalifikasiya edib. Bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb.

FIFA-nın etika üzrə müstəqil komitəsinin məhkəmə palatası Alvaradonu qurumun etika kodeksini pozmaqda təqsirli bilib. 2009-cu ildən 2011-ci ilədək dövrdə funksioner Panama Futbol Federasiyasının, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) himayəsi ilə televiziya və marketinq hüquqlarının satışı üzrə korrupsiya sxemi ilə bağlı olub.

Bundan əlavə, Alvarado 500 min İsveçrə frankı məbləğində (€457,5 min) cərimələnib. Alvaradonun kənarlaşdırılması haqqında qərar dekabrın 19-da qüvvəyə minib.

Alvarado 2010-cu ilə qədər Panama Futbol Federasiyasının prezidenti və KONKAKAF-ın İcraiyyə Komitəsinin üzvü olub.

AZƏRTAC

Xəbər 716 dəfə oxundu.