Yağışdan çıxıb yağmura düşdü
“Qarabağ"ın Avrokubok aqibəti rəqiblərin əlinə düşdü

İdman ictimaiyyətinin böyük ümidlərlə gözlədiyi an məhz 4-cü turda baş verə bilərdi: "Qarabağ" tarixdə ilk dəfə yeni ilin qışında Avropa səhnəsinə çıxmaq üçün ən ciddi addımı atmalı idi. Amma yenə "sən saydığını say..." və ya "cücəni payızda sayarlar" məsəlləri tam tərsinə işlədi. Bu dəfə "Qarabağ"ın nə fələyə ehtiyacı qaldı, nə də cücəni saymağa imkanı oldu. Kipr klubu bir mövsümdə iki fərqli yarışda qarşılaşdığı "Qarabağ"ı dalbadal üçüncü oyunda da meydana çıxdığına peşman etdi.

Açığı, oyun ərəfəsi qeydlər yazanda, haradasa komandanın iki dəfə düşdüyü palçığa bir daha girməyəcəyinə, inanmaq istəyirdim. Axı, dalbadal absurdları təkrarlamaq olmaz - nəticə çıxarmaq lazımdır. Amma "Qarabağ" sükanı arxasında olanlar bunu necə bacarmağın mümkünlüyünü əyani nümayiş etdirdilər.

Belə matçdan təhlil yazmağa heç dəymir. Çünki nədən başlayıb, nədən qurtarmaq üçün bir əsas, ipucu da yoxdur. Bunun adı dərədən aşağı yuvarlanmaqdır. APOEL özü "Düdelanj"la oyununda "Qarabağ"a fürsət verib, sonra əməlli ümidsizliyə komandamızın Lüksemburqa səfəri zamanı düşdü. Hətta Bakıdakı heç-heçə də heç nə demirdi. Çünki Nikosiyada elə oyun başlayandan "Qarabağ"ın hər cür üstünlüyü var idi. Üstəlik, erkən qol bütün qapıları da Azərbaycan çempionunun üzünə taybatay açdı.

Təbii, Dani Kintananın erkən zədəsi qarşılaşmanın sonrakı gedişinə təsirsiz ötüşmədi. Lakin bu səviyyədə və belə bir vəziyyətdə məhz erkən əvəzlənmənin təsirinin köklü olmasını desək, məncə çempionumuzu təhqir etmiş olarıq. Çünki illərdir bu səviyyədə oynayan, həm də bişmiş komandanın minimal hazırlığı olmalıdır. Əlbəttə, komandaların liderlərindən asılı vəziyyətə düşdüyü anlar olur. Amma belə futbolçuların adı və oyunu ulduzluq zirvəsində olur. Kintanaya əvəz tapa bilməyən bir klubun isə bütün strategiyasının, bütün oyun sisteminin adı "iflas"dır. Bu səbəbdən bu ehtimalı qəbul etmək olmaz. Əlbəttə, zaman-zaman komandanın transfer siyasətinə düzgün yanaşmadığını qeyd edirik. Bax, bu da zamanla deyilənlərin həmin qiymət məqamı. Komanda öz səviyyəsində belə asanlıqla yenə biləcəyi rəqiblə mübarizədən məhz ehtiyat oyunçular skamyasının darlığı üzündən istənilən nəticə ilə ayrıla bilmir. Yaxşı başlayıb, yarışın ipini ələ alan klub aqibətini ən prinsipial rəqibin ixtiyarına buraxıb. İndi "Düdelanj"ın APOEL-i büdrətməsinə, ya da "Sevilya"nı möcüzəli şəkildə yenməsinə bel bağlanmalıdır. Bir sözlə, favoritlikdən uçuruma doğru yolu "Qarabağ" artıq 4-cü dəfədir üz-üzə gəldiyi rəqiblə iki ardıcıl görüşdə etdi. Yekunda "Qarabağ" APOEL-dən xal fərqi ilə öndə olmalıdır.

Təbii ki, məğlubiyyətin acısı təkcə skamya darlığına bağlı deyil. Erkən qolla faktiki ikiqat üstünlüyə yaxın olan komanda, eyni səhvlər üzündən məğlub duruma düşdü və bu dəfə Bakıdakı ssenarini təkrarlayıb, heç-heçəni qopara bilmədi.

Hesabda önə çıxan kollektivin əldə etdiyi psixoloji üstünlük şəraitində kobud səhvlərə yol verməsi, sadəcə, taktiki yanlışlıqlardan da irəli gələ bilməz. Əks təqdirdə 10 ildir Avropa təcrübəsi toplamış komanda buna görə naşılıqda, inkişafsızlıqda və s. bu kimi sözlərlə tənqid olunmalıdır. Əlbəttə, qeyri-peşəkar yanaşma var. Hələ üstəlik, hesabı açdıqdan sonra komandanın qol şansları yaranırsa, deməli, taktiki cəhətdən belə oyunu məntiqi sonluğa çatdırmaq üçün sabitqədəmlik və nəzarət nümayiş etdirmək lazım idi. "Qarabağ"ın oyununda məhz buna cəhdləri də görmək olmadı. Əksinə, Azərbaycan çempionunun 4-cü dəfə üz-üzə gəldiyi rəqibi hələ də çözə bilməməsi, əslində, diqqət yetirməməsi aydın sezilirdi. Bunun səbəbini aydınlaşdırmaq olmur. Çünki APOEL yalnız öz oyununu oynamaqla keçiləsi rəqib də deyil. Bunu cütün Çempionlar liqasında Bakıdakı matçında əyani görmüşdük. İstənilən halda acınacaqlı və azarkeş ümidinə zərbə olan bir görüşdən sonra planlara düzəliş etmək zamanından danışmaq yersizdir.
Təbii, ümidlər ölməyib. Lakin indi mərhələ keçməsə, itirən tək "Qarabağ" olmayacaq. Ümid vardı ki, belə yüksəlişlər cüzi də olsa, klublarımızda təpərin artmasına, təkcə "Qarabağ"ın deyil, digərlərinin də məcburiyyətdən normal transferlərə üz tutmasına təkan verəcək. İndi özü-özünün ayağına ilişib büdrəyən "Qarabağ"ın yıxılıb-yıxılmadığını bilmirik. Onun üçün real imkandan, bəxt amilinə qədər yuvarlanan klub üçün naməlum bir alatoran dövr başlanır. Necə deyərlər, özü yıxılsa, ağlamayacaq, çünki futbolumuzun lideri olaraq qalacaq, itirən yenə futbolumuz olacaq. Axı, bu şans hər deyiləndə ələ düşənlərdən, əmələ gələnlərdən deyil. Lakin artıq bu da bir dərs olmalıdır. Futbol yerində sayanları sevmir. İrəli baxmaq üçünsə hədəfləri bəlli olan planlı iş qurulmalıdır.

BATI YAR

Xəbər 976 dəfə oxundu.