Elit raunda 3 qələbə və şübhələrlə
Milli futzal komandamıza yeni nəfəs lazımdır

Futzalçıların dünya kubokunun final mərhələsində mübarizənin daha bir mərhələsi geridə qaldı. Doğma divarlar arasında yarışa qoşulan Azərbaycan milli komandası hər üç görüşdə qələbə qazanaraq, sonuncu seçmə qrup turnirinə vəsiqə əldə edib. Komandamızla yanaşı, ikinci yerin sahibi də Elit raundda yarışacaq.

Bu qələbələrə rəğmən, ilk iki matçda komandanın taktiki cəhətdən xeyli bəsit görünməsi diqqətdən yayınmadı. Oyun elementlərində fərdi və kollektiv yanaşmada natamamlıq taktiki durğunluqda özünü göstərir. Bəzən adi vəziyyətlərdə, bəzən isə rəqibin cüzi təzyiqindən oyundan qopmalar yaşanır. Sıradan hallarda yaranan qəribəliklər isə komandanın potensialının qeyri-sabitliyinə işarədir. Bu səbəblərdən komandanın oyununda vahid konsepsiyanı da izləmək olmur. Əlbəttə, bu vəziyyəti tam olaraq məşqçi işinə bağlamaq olmaz, hərçənd bu da ümumi mənzərəyə təsir edən sonuncu amil deyil.

İlk növbədə, məşqçi qərarlarında yanlışlıq təsiri bağışlayan hallarla yanaşı, müntəzəm oyun praktikasının olmaması sözünü deyir. Ümumilikdə, ölkədə futzalın klub səviyyəsində də təşkilati məsələlərində irəliləyişin olmaması həlledici səbəblərdəndir.

Artıq xeyli müddətdir, hər dəfə futzaldan söhbət düşəndə, hətta ölkəmizin dünya və qitə miqyasında həm milli, həm də klub səviyyəsində uğurları dövründə bu fürsətlərin düzgün qiymətləndirilərək, nisbi uğurlardan belə istifadə olunmasının zəruriliyini xüsusi qeyd edirik. Futzal yığcam olduğu qədər də mürəkkəb və çeviklik, deməli, fiziki tamlıq tələb edən bir oyundur. Bütün bunların fövqündə ənənələr dayanır. Buna əsaslansaq, bu idman növünün ölkəmizdə inkişafı üçün hər bir texniki baza, insan resursları və potensialla bağlı hər cür şərait var. İstər həvəskar, istər peşəkar səviyyədə bu məsələnin qoyuluşu və yanaşma daha vacibdir.
Xüsusi qeyd olunmalıdır ki, getdikcə dünyada futzalın dayaqları möhkəmlənir. Ənənəvi güclü ölkələrin cərgəsi genişlənir. Bunun nəticəsində rəqabət artır. Elə sonuncu Bakı turniri də göstərdi ki, vaxtilə ortabablıq səviyyəsindən də xeyli uzaq olan ölkələrdə rəqabətədavamlıq yüksəlib. Bu səbəbdən ölkədə futzalı idarə edən müvafiq təşkilat AFFA ilə birlikdə vahid konsepsiyasını hazırlayıb tətbiq etməli və konkret addımlar atmalıdır. Bu iş regionlarsız alınmayacaq. Çünki yekun olaraq, bütün bunlar ölkədə idmanın, sağlamlıq konsepsiyasının genişlənməsinə öz töhfəsini verməklə yanaşı, futbolun intibahına da daha çox təsir göstərə bilər.

Ümumi qeydlərdən Dünya kubokunun seçmə turnirinin bundan sonrakı mübarizəsinə qayıdaq. Komandamızı qarşıda daha bir məsul seçmə turnir gözləyir. Qeyd edək ki, Elit raunda millimiz və Slovakiya ilə yanaşı, İspaniya, Sloveniya, Qazaxıstan, Serbiya, İtaliya, Rusiya, Portuqaliya, Belarus, Ukrayna, Finlandiya, Xorvatiya, Çex Respublikası, Fransa və Rumıniya vəsiqə qazanıblar. Bu kollektivlərdən ikisi - Finlandiya və Belarus mübarizəni ilkin təsnifat mərhələsində başlayıblar və onlar üçün elit raunda vəsiqə böyük uğur hesab olunur.

Elit raund və daha sonrakı pley-offun püşkü noyabrın 7-də atılacaq. Qrup yarışı gələn il yanvarın 27-dən fevralın 5-dək keçirilməlidir. Qaliblər gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerlərin sahibləri isə pley-offda qüvvəsini sınayacaq. Bu mərhələnin oyunları evdə və səfərdə olmaqla aprelin 9-da və 12-də keçiriləcək.

BATI YAR

Xəbər 1039 dəfə oxundu.