İradə Aşumova: Tokio Olimpiadasına lisenziyaların sayını artırmağa ümid edirik
Gələn il idman ictimaiyyəti üçün ciddi sınaq illərindən biridir. Dünyanın ən güclü idmançıları Tokio Yay Olimpiya Oyunlarında bacarıqlarını nümayiş etdirəcəklər. Dördilliyin ən nüfuzlu idman yarışında güllə atıcılarımızdan Ruslan Linyov mübarizə aparacaq. Amma Tokio Olimpiadasına lisenziyaların sayını artırmağa ümid edirik.

Bu sözləri müsahibəsində güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib. O qeyd edib ki, komandamızın üzvü Nigar Bağırova da Tokio Olimpiadasına lisenziya qazana bilər: “Fevralda isə lisenziya xarakterli pnevmatik tüfəng və tapançadan 10 metr məsafəyə atəş açma üzrə Avropa çempionatı keçiriləcək. Yarışda N.Bağırova, həm də olimpiya lisenziyası uğrunda mübarizə aparacaq. Daha bir lisenziya xarakterli turnirin Çexiyada keçirilməsi planlaşdırılır. Nigar Bağırova lisenziya qazana bilməsə, Çexiyada bir daha gücünü sınayacaq. Ümid edirəm ki, komandamızın üzvü Nigar Bağırova da olimpiadada çıxış etmək şansı qazanacaq”.

İ.Aşumova 2020-ci ildə bir sıra nüfuzlu yarışların keçiriləcəyini də bildirib: “Gələn ilin ilk ayında Almaniyanın Münhen şəhərində beynəlxalq turnir keçiriləcək. Turnirdə həm də silahlara nəzarət məqsədilə onların təmizlənməsi, yağlanması və uyğun güllələrin seçilməsi həyata keçiriləcək. Ümumiyyətlə, yarışlarda istifadə etdiyimiz silahların və güllələrin vəziyyəti böyük əhəmiyyət kəsb edir. Komandamız Hindistanda və Almaniyada keçiriləcək dünya kuboklarında iştirak edəcək. Yaponiyada isə test yarışlarının keçirilməsi planlaşdırılıb. Həmin yarışda Olimpiadaya lisenziya qazanmış idmançılar güclərini sınayacaqlar. Olimpiya Oyunları ərəfəsində, iyun ayında isə Bakıda sonuncu dünya kuboku yarışları keçiriləcək. Bütün bu yarışlarda güllə atıcılarımız da iştirak edəcəklər”.

Qeyd edək ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa çempionatında əldə edib. İdmançımız İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla çıxış edərək 587 xalla birinci yerə layiq görülüb.

AZƏRTAC

Xəbər 879 dəfə oxundu.