Astaralı yeniyetmələr Bakıda keçirilən Beynəlxalq Olimpiadada bürünc medal qazanıblar
Bakı şəhərində Gənclər və İdman Nazirliyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yeniyetmələr arasında təbiət elmləri üzrə keçirilən “İstedadların hazırlığı laboratoriyası” adlı Beynəlxalq Olimpiadada astaralı yeniyetmələr uğurla çıxış ediblər.

İki gün davam edən Beynəlxalq Olimpiadada Astara rayonunu Pensər kənd 2 nömrəli tam orta məktəbin şagirdləri - Salman Hüseynov və Tərlan Hüseynov təmsil ediblər.

2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildən Beynəlxalq status verilib. Cari ildə ölkəmiz üçüncü dəfə bu layihəyə ev sahibliyi edib.

Layihə 10 mindən çox gənci əhatə edir. Olimpiada yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eləcə də texniki sahələri təbliğ edir, onların bu istiqamətlərə maraqlarının artması ilə nəticələnir.

On altı yaşadək gənclərin iştirak etdiyi layihə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, yeniyetmələr və gənclər arasında elmə marağın artırılması, elmə həvəsləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib.

Bu ilin 13, 20, 27 aprel tarixlərində keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində VII Respublika Olimpiadasının onlayın turlarında Astara rayonunun Pensər kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Salman Hüseynov və Tərlan Hüseynov uğurlu nəticə qazanaraq Beynəlxalq Olimpiadada Astara rayonunu təmsil etmək hüququ qazanıb.

Olimpiadada üçüncü yerə layiq görülən astaralı şagirdlər bürünc medal, Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyəsi ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Beynəlxalq Olimpiadada ümumi komanda hesabında Rusiya birinci, Azərbaycan ikinci, Belarus komandaları üçüncü yerə layiq görülüb.

Xəbər 736 dəfə oxundu.