Astaralı yeniyetmə beynəlxalq turnirdən bürünc medal qazanıb
Dekabrın 11-12-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turniri keçirilib.

Azsport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Ramiq Heybətov (57 kq) yarışı uğurla başa vurub. Belə ki, yarımfinal öncəsi görüşdə həmyerlimiz ermənistanlı rəqibini 19:6 hesabı ilə məğlub edib. Turnirin yarımfinal mərhələsinə mübarizə şansı əldə edən idmançımız yekunda bürünc medala sahib olub.

Qeyd edək ki, dekabrın 16-da Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançının məşqçisi Nizami Axundovla görüşüb, qazanılan qələbə münasibəti ilə onları təbrik edib.

Xəbər 720 dəfə oxundu.