Çövkən yarışlarında dörddəbir finala yüksələnlərin adları müəyyənləşib
Şəkinin Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində “Prezident Kuboku” uğrunda çövkən milli oyunu üzrə yarışlar davam edir. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda 12 komanda mübarizə aparır.

Dekabrın 15-də qrup mərhələsinin sonuncu oyunları keçirilib.

Əvvəlcə meydançaya Bakının “Omar” və “İsmayıllı” komandaları çıxıb. Rəqiblərini 6:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi dörddəbir finalda iştirak etmək hüququ qazanıb. Bu gün keçirilən digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Polad” (Bakı) – “Şəki” 5:0,

“Buta” (Bakı) – “Ağcabədi” 3:0,

“Sərhədçi” (Bakı) – “Ağstafa” 3:0

Qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanıblar.

Yarışların baş hakimi, respublika dərəcəli hakim, Respublika Milli Atüstü Oyunları Mərkəzinin direktoru Rafiq Ramazanov bildirib ki, dekabrın 16-da keçiriləcək dörddəbir final oyunlarında “Sərhədçi” və Şəki, “Murat” və “Buta”, “Polad” və “Qala”, “Omar” və “Köhlən” komandaları qarşılaşacaqlar. Cütlüklərin qalibləri yarımfinala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Xəbər 1134 dəfə oxundu.