Karateçilərimiz İtaliyada üç medal qazanıblar
Karate üzrə baş məşqçilər Anar Allahverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələrdən və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Venesiyada gənclərin Karate-1 Premyer Liqa turnirinin birinci günündə üç medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından azsport.az saytına bildiriblər ki, turnirin birinci günündə mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) gümüş medallara sahib olublar. Hüseyn Məmmədli və Əminağa Quliyev (61 kq) bürünc medal uğrunda mübarizə aparıblar. Qalib müəyyənləşmədiyindən hakimlərin qərarı ilə qələbə daha fəal döyüş keçirən Ə.Quliyevə verilib.

Tale Yaqubov və Turan Rzazadə (hər iksi 68 kq) dörddəbir finalda, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə, Fərid Ağayev (hər ikisi 76 kq), Ayla Rzazadə (59 kq), Humay Həsənli (+59 kq), Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər ikisi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Turnirdə 14-15 yaşlı yeniyetmələr arasında Məhəmməd Xamoyev (52 kq), Nicat Kərimli, Fərid Savadov (hər ikisi 57 kq), Azər Tapdıqlı, Rumil Cəfərli (hər ikisi 63 kq), Arina Bezrebra, Hüseyn Nəsirli (hər ikisi kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Karate-1 Premyer Liqa turnirində beynəlxalq dərəcəli hakim Cahangir Babayev və milli hakim Mircabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarında iştirak edirlər.

Yarışlarda 65 ölkədən 3180 karateçi mübarizə aparır.

Xəbər 714 dəfə oxundu.