Qurban Qurbanov: Qrupu hamımız üçün yaxşı olmayan nəticə ilə başa vurduq
Qrupu hamımız üçün yaxşı olmayan nəticə ilə başa vurduq. Maraqlı oyun oldu. Meydanda hər şey gördük - həm qollar, həm də qırmızı vərəqə. Futbolçularıma təşəkkür edirəm.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburqun “Düdelanj” komandası ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.

48 yaşlı mütəxəssis bildirib ki, rəqib fərqli sistemlə oynayırdı: “İkinci hissəyə pis başlamadıq. Sadəcə olaraq, qırmızı vərəqə gözlənilməz oldu. APOEL ilə matçdan sonra futbolçular çox məyus idi, sanki mövsüm bitmişdi. Onları toparlamaq lazım idi. Bu gün istəkli idilər. Qol buraxandan sonra riskə getdik, bizi əks-hücumda da tuta bilərdilər. Hər oyunda yaxşı nəticə qazanmaq istəyirik. Bəxtimizin gətirmədiyi matçlar da oldu. APOEL ilə matçlardakı qədər qol epizodu yaratdığımız görüş olmayıb. Ancaq bu o demək deyil ki, APOEL 2-ci yerə layiq deyil”.

O deyib: “Qrup mərhələsi heç də asan deyil. Avropada orta səviyyəli çempionatlar həddindən artıq inkişaf etməyə başlayıb. Əlbəttə, hər il bir addım irəli getmək istəyirik. Ancaq alınmırsa, bundan əl çəkməli deyilik. Mən “Qarabağ”a gələndə komanda neçə il idi çempion ola bilmirdi, yaxşı komandalar vardı. Lakin biz çəkinmədik, üzərilərinə getdik və sonda çempion olduq. Desəm ki, cari mövsüm “Qarabağ” üçün uğurlu hesab etmək olar, bu, düzgün çıxmaz. Uğursuz adlandırmaq da olmaz. Çempion olduq, hazırda da Azərbaycan Premyer Liqasında birinci pillədəyik. Qarşıda kubok matçı da var. Ən azından bu mövsüm yenə UEFA Avropa Liqasında qrupda oyandıq. “Sevilya” kimi komandanı bura gətirdik. Məncə, uğursuz demək olmaz”.

AZƏRTAC

Xəbər 708 dəfə oxundu.