Matviyenko: İdman vəkilləri tezliklə WADA-nın qərarından şikayət verəcəklər
Rusiya Federasiyasının idman vəkilləri Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Rusiya yığmasını 4 il müddətinə idman yarışlarından kənarlaşdırmaq qərarından şikayət etmək üçün yaxın vaxtlarda İdman Arbitraj Məhkəməsinə (CAS) iddia ərizəsi təqdim edəcəklər. Bunu dekabrın 11-də Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə müsahibəsində bildirib.

Matviyenko deyib: “Aydın məsələdir ki, biz bu qərarla razılaşa bilmərik. Yaxın vaxtlarda idman vəkilləri CAS-a iddia ərizəsi verəcəklər. Haqlı olduğumuzu məhkəmədə sübut etməliyik”.

O əlavə edib ki, RF WADA-nın qərarına etiraz etmək imkanına ümid bəsləyir.

Federasiya Şurasının sədri deyib: “Düşünürəm ki, hazırda dünyanın idman ictimaiyyəti bu məsələləri müzakirə etməlidir: nə üçün Olimpiya Xartiyasının prinsipləri pozulur, Olimpiya Komitəsi dopinq qəbul etməyən idmançılarla bağlı ədalətli qərarlar qəbul etmir, bütöv bir dövlətə qarşı belə qərarlar qəbul edilir? İdmanın siyasiləşdirilməsinə qarşı mübarizə aparmaq lazımdır. Bu, yolverilməzdir, idman dopinqdən və siyasətdən təmiz olmalıdır”.

Matviyenko əlavə edib ki, RF öz mövqeyini bütün səviyyələrdə müdafiə edəcək. O, həmçinin WADA İcraiyyə Komitəsinin qərarını ədalətsiz və Olimpiya hərəkatının prinsiplərinə zidd qərar adlandırıb.

Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi dekabrın 9-da qurumun müvafiqlik komitəsinin Rusiya Antidopinq Agentliyinin (RUSADA) Dünya Antidopinq Kodeksinə müvafiqliyi statusundan məhrum edilməsi tövsiyəsini yekdilliklə qəbul edərək, Rusiyanı dörd il müddətinə dünya çempionatlarını qəbul etmək və onların keçirilməsi üçün müraciət etmək, Rusiya idmançılarını isə olimpiadalarda və dünya çempionatlarında öz milli bayraqları altında çıxış etmək hüququndan məhrum edib. RUSADA WADA-nın qərarından CAS-a 21 gün ərzində şikayət verə bilər.

AZƏRTAC

Xəbər 860 dəfə oxundu.