“Naxçıvan Kuboku” uğrunda
15-16 iyunda Naxçıvan Olimpiya İdman Kompleksində Milli Qurtuluş Gününə həsr olunmuş gənc yunan-Roma güləşçiləri arasında komandalararası “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycan və Naxçıvan komandaları ilə yanaşı, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, İran, Türkiyə, Özbəkistan, Qazaxıstan güləşçilərinin iştirakı gözlənilir.

Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən təşkil olunacaq turnirin keçirilməsində əsas məqsəd, sözü gedən bölgədə yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, xarici ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmləndirməkdir.

FİLA-nın mövcud qaydalarına əsasən keçiriləcək yarış komanda xarakteri daşıyır. Püşkə əsasən iştirakçı komandalar iki yarımqrupa bölünəcəklər. Birdövrəlik qrup görüşlərindən sonra qaliblər finalda, ikinci yerin sahibləri isə bürünc medal ugrunda görüşdə üz-üzə gələcəklər.

Qrup görüşləri iyunun 15-i, səhər saat 10:00-da start götürəcək. Turnirin təntənəli açılış mərasimi iyunun 15-i, saat 17:00-a təyin edilib. İyunun 16-da, saat 15:00-da isə medal görüşləri başlanacaq. Fəxri kürsüyə qalxacaq komandalar kubok, medal və pul mükafatı ilə təltif ediləcəklər.

“Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirin gələcəkdə status qazanıb rəsmi təqvimə daxil olması məqsədi ilə Təşkilat Komitəsi tərəfindən FİLA-ya müraciət olunacaq.

Xəbər 1207 dəfə oxundu.